Arzu Əliyeva yeni filmini təqdim etdi

Yanvarın 22-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin və “Qərib məzarlar” kitab-albomunun təqdimat mərasimi keçirilib.

ANS PRESS-in məlumatına görə, layihənin rəhbəri və filmin baş prodüseri Arzu Əliyeva təqdimat mərasimində iştirak edib.

Arzu Əliyeva təqdimat zamanı

Filmin nümayişindən əvvəl layihə haqqında söhbət açılıb. Bildirilib ki, “Əbədi ezamiyyət” filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin kəşməkəşli taleyindən bəhs edir.

Yaradıcı heyət filmin hazırlanması üçün ilyarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video və fotoçəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb.

“Qərib məzarlar” kitab-albomu isə 1919-cu ildə Parisə ezam olunmuş Azərbaycan nümayəndə heyətinin, eləcə də ötən əsrin 20-ci illərində bolşevik təqibindən yaxa qurtarmaq üçün Fransaya üz tutan soydaşlarımızın bu ölkədəki taleyi və məzarları barədə ilk məlumat toplusudur. “Əbədi ezamiyyət” sənədli filmi və “Qərib məzarlar” kitab-albomunun baş məsləhətçisi tanınmış diplomat Ramiz Abutalıbovdur.

“Əbədi ezamiyyət” sənədli filmi və “Qərib məzarlar” kitab-albomu

Təqdimat mərasimində bu layihənin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür bildirilib.

Vurğulanıb ki, Azərbaycan xalqı müstəqilliyə çatmaq, bugünkü uğurlara nail olmaq üçün kəşməkəşli bir tarixi yol keçib, bu yolda çoxlu qurbanlar verib, uzun illər gərgin mübarizə aparmalı olub. Nəticədə 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edilib. Lakin gənc respublikanın dünya birliyi tərəfindən tanınması o qədər də asan başa gəlməyib. Məlum olduğu kimi, Birinci Dünya müharibəsinin başa çatması ərəfəsində beynəlxalq aləmdə gedən qlobal proseslərə siyasi qiymət vermək məqsədilə Paris Sülh Konfransının çağırılması qərara alınıb.

Azərbaycan Xalq Cümhuriyyəti də xalqımızın milli dövlət quruculuğu sahəsində gördüyü işlər barədə məlumat vermək, yeni dövlətin məqsəd və məramını dünya liderlərinin diqqətinə çatdırmaq, xüsusən Azərbaycanın müstəqilliyinin beynəlxalq birlik tərəfindən tanınmasına nail olmaq məqsədilə …read more

From:: ANS