Ərdoğan Rusiya ordusuna xəbərdarlıq etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ordusunun əsgərlərinin Türkiyə sərhədində yerləşdirilməsi iddialarına münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, Ərdoğan bildirib ki, Ankara xüsusilə İraq sərhədindən Aralıq dənizinə qədər olan bölgədə bu və buna bənzər hadisələrə əsla imkan verməyəcək.

“Rusiya ordusunun 100 əsgərinin bölgədə olduğu barədə xəbərlər qulağımıza çatır, amma bölgədə bizim həssasiyyətimiz eyni şəkildə davam edir. Bu məsələlərdə çox həssasıq və davamlı olaraq koalisiya qüvvələrinə söylədiyimiz PKK, YPG, PYD və DAEŞ (İŞİD) terrorçularının bir-birindən heç bir fərqi yoxdur. Bunlara qarşı mövqeyimiz eyni olacaq”, – deyə Türkiyə prezidenti bildirib.

Vladimir Putin – Rusiya prezidenti

Ərdoğan bildirib ki, Rusiya əsgərlərinin bölgəyə yerləşdirilməsi barədə iddialarla bağlı ABŞ prezidenti Barak Obama ilə telefon danışığında müzakirələr aparıb:

“ABŞ, Fransa, İngiltərə, Almaniya, Səudiyyə Ərəbistanı və Qatar kimi bir çox ölkələrin də mövqeyi var. Ümid edirəm ki, ortaq mövqeyimiz Suriyanın şimalında belə yanlış addımların atılmasına fürsət verməyəcəkdir. Ayrıca, biz buna fürsət verməyəcəyik”.

Ərdoğan PYD terrorçularının Fərat çayının qərbinə keçməsi haqqında iddiaların hamısının dedi-qodu olduğunu vurğulayaraq, bu cür iddiaların tez-tez söyləndiyini, bu vaxta qədər buna imkan vermədiklərini və verməyəcəklərini bildirib.

Rusiya hərbçiləri

İddialar səslənir ki, Rusiya əsgərləri Türkiyənin Mardin vilayətinin qarşısında yerləşən Suriyanın Qamışlı şəhərinə yerləşdirilib. Bunda məqsəd isə Rusiya ordusunun hava hücumları əməliyyatını genişləndirməkdir. Qamışlı şəhəri Bəşər Əsəd qüvvələri və PYD terrorçularının nəzarəti altındadır.

Rusiya tərəfi bununla bağlı heç bir açıqlama verməsə də, Türkiyə kəşfiyyatı rus əsgərlərin bölgəyə göndərildiyini təsdiqləyib. …read more

From:: ANS