Rusiya səfirliyi qarşısındakı partlayışda ölənlərin sayı artır (FOTO)

Əfqanıstanın paytaxtı Kabildə Rusiya səfirliyi yaxınlığında törədilmiş partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

ANS PRESS-in məlumatına görə, əfqan rəsmiləri bildirir ki, yaralıların sayı 20 nəfər təşkil edir. Kabil xəstəxanası qarşısında qurbanları qəbul edən Əfqanıstanın Səhiyyə Nazirliyi rəsmisi Əbdül Xaliq Həkimpur ölənlərdən birinin azyaşlı uşaq olduğunu bildirib.

Məlumata görə, terrorçu-kamikadze hücumu idarəetdiyi maşını partlatmaqla törədib. Hücumda, terrorçu Əfqanıstanın ən iri media-yayım şirkəti olan Mobi qrupun avtobusunu hədəfə alıb.

Partlayışdan sonra avtobusun alovlanması nəticəsində azı 2 nəfər diri-diri yanıb. Kabil polisi maşını partladan kamikadzenin kimliyini müəyyən etməyə çalışır.

Rusiya səfirliyi partlayışın diplomatik missiyanın binası qarşısında törədildiyini təsdiqləsə də, hücumda səfirliyin hədəfə alınmadığını bildirib.

Hücuma görə hələ ki, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməsə də əsas şübhələr Taliban hərəkatına yönəlib.

2016-cı ilin ilk günlərindən etibarən Taliban Kabildə 6 partlayış törədib, şənbə günü qumbaraatandan buraxılmış mərmi İtaliya səfirliyi qarşısında partlayaraq, 2 mühafizəçinin yaralanmasına səbəb olmuşdu.

…read more

From:: ANS