Dövlət Gömrük Komitəsi bəzi KİV-lərə xəbərdarlıq etdi

Dövlət Gömrük Komitəsi bəzi mətbu orqanlarında yayılan məlumatla bağlı açıqlama yayıb. Komitədən ANS PRESS-ə verilən məlumata görə, bu gün bəzi kütləvi informasiya vasitələrində “Gəncə Gömrük İdarəsinin rəisi qanunsuz əlvan metal biznesini himayə edir?” başlıqlı həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yer alıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, “Camaloglu LTD” şirkəti ixrac əməliyyatlarını gömrük qanunvericiliyinə uyğun olaraq həyata keçirir və adları hallanan gömrük əməkdaşlarının guya qeyri-qanuni ixrac əməliyyatlarında iştirakı faktı da tam məqsədli şəkildə bu şər və böhtan xarakterli məlumatlarda qeyd olunur.

Dövlət Gömrük Komitəsi bir daha bütün media qurumlarını və onların əməkdaşlarını ölkə qanunlarına hörmət etməyə çağırır.

“Yalan və böhtan xarakterli məlumat yayanlar bilməlidir ki, yaydıqları həqiqətə uyğun olmayan məlumata görə özləri də qanun qarşısında cavab verəcəklər”.

Bundan öncə də Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələrinin rəhbərlərinə xəbərdarlıq edib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, son dövrlərdə bir sıra kütləvi informasiya vasitələrində “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10 və 11-ci maddələrinin tələbləri kobud surətdə pozulub.

Belə ki, müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında, eləcə də Baş Prokurorluqda istintaq olunan cinayət işləri üzrə həqiqətə uyğun olmayan, böhtan xarakterli informasiyalar düzgünlüyü yoxlanılmadan yayımlanıb.
Jurnalistlərə reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib. …read more

From:: ANS