İntibah dahisinin evi satışa çıxarıldı

İntibah dövrünün ən məşhur simalarından hesab olunan italyan memar, rəssam, heykəltəraş və şair Mikelancelo Buonarrotinin Toskanadakı villası satışa çıxarılıb. ANS PRESS-in məlumatına görə, Mikelancelonun 1549-cu ildə, 74 yaşında ikən aldığı villa 7.5 milyon eurosundan (13 milyon 88 min AZN) keçəcək yeni sahibini gözləyir.

İtaliya Toskana əyalətinin Siena bölgəsində olan və XI əsrdən qalan villanın sahibi 1867-ci ilə qədər – təxminən 300 il Buonarroti ailəsi olub.

Mikelancelo Buonarroti

Villanın indiki sahibləri isə mülkü Amerikanın “Handsome Properties International” makler firması vasitəsilə satışa çıxarıb.
Toksana təpələri və üzüm bağlarının arasında yerləşən 1 200 kvadratmetrlik “Villa Mikelancelo”nun 8 yataq otağı və 7 vanna otağı var. Villaya aid zeytun və limon bağı da var.

Villanı alacaq şəxs ev və baxça ilə yanaşı Mikelanceloya aid kupçanın da sahibi olacaq.

Orijinal kupçada villanın, “Sevimli heykəltəraş və Florensiya vətəndaşı” Mikelanceloya aid olduğu yazılıb.

Makler firması italyan mətbuatına verdiyi açıqlamada, Mikelancelo 1549-cu ildə bu evi aldıqdan sonra villanın sadəcə 3 sahibi olduğunu bildirib.

İncəsənət tarixçiləri Mikelancelonun bir çox evi olduğunu, bu villanın da həmin evlərdən biri olduğunu və çox güman ki, burda heç bir vaxt yaşamadığını bildirirlər.

…read more

From:: ANS