Rusiya Ukraynaya 10 gün vaxt verdi

Rusiyanın “Qazprom” şirkəti Ukraynanın “Naftoqaz”ına qaza olan borc hesabını göndərib. ANS PRESS-in məlumatına görə, “Naftoqaz” 10 gün ərzində borcunu ödəməlidir.

“Qazprom”la “Naftoqaz” arasında mövcud müqaviləyə əsasən alıcı hər il qaza olan minimum illik məbləği ödəməyə borcludur. Müqavilənin şərtlərinə əsasən, 2015-ci ilin 3-cü rübü ərzində qazın minimum illik miqdarı 10.485 mld kubmetr təşkil edib. Bunu nəzərə alaraq 2015-ci ilin üçüncü rübündə “Qazprom” Ukraynaya 2,549 milyard dollar məbləğində borcun hesabını göndərib”, – deyə “Qazprom”un məlumatında qeyd olunur.

”Ukrayna 2015-ci ilin 3-cü rübündə faktiki olaraq Rusiya qazını almaqdan imtina edib. Bu baxımdan həmin dövrdə “al, ya ödə” qaydasından istifadə etməməklə bağlı heç bir razılaşma olmayıb”, – deyə “Qazprom” şirkətinin rəhbəri bildirib.

Aleksey Miller – “Qazprom” şirkətinin rəhbəri

2015-ci ildə Ukrayna Rusiyadan cəmi 6.1 mld kubmetr qaz almaqla antirekord vurub. 2014-cü ilin sonunda Ukraynaya 8.197 mld dollar qaz borcu yazılmışdı. 2015-ci ilin iyununda isə “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller “Naftoqaz”ın borcunun 26.7 mld-a çatdığını bildirmişdi. Daha sonra isə “Qazprom” hesabı dəqiqləşdirərək Ukrayna şirkətindən ümumilkdə 29 mlrd dollar tələb etmişdi.

Rusiyanın “Qazprom” və Ukraynanın “Naftoqaz” şirkətləri arasında 2009-cu ildə qazın nəqlinə dair 10 il müddətinə saziş imzalanıb. Amma bu sövdələşmə sonralar hər iki ölkə arasında “qaz müharibəsi”nin başlaması ilə nəticələndi. Ukraynanın 2015-ci ilin üçüncü rübündən etibarən Rusiyadan təbii qaz idxalını tamamilə dayandıracağını açıqlaması isə Rusiya tərəfindən xoş qarşılanmadı.

…read more

From:: ANS