Sumqayıtda şagirdi döyən müəllim işdən çıxarılacaq (FOTO, VİDEO)

Sumqayıt şəhəri 22 saylı orta məktəbdə şagirdi döyən müəllim haqqında rəsmi məlumat var.

ANS PRESS-in məlumatına görə, faktı məktəbin direktoru Tahirə Səfərova da təsdiqləyib. Onun sözlərinə əsasən, müəllim artıq bir neçə gün idi ki, şagirdə əsəbləşib. “İdris müəllim, əslində, yaxşı müəllimdir. Sadəcə, deyir ki, neçə dəfədir həmin şagirdə nöqsanlar tutub. Müəllimin dediyinə görə, şagird gah submativ verməyib, gah yazmağa qələmi olmayıb. Bir neçə günlük əsəbini tarix müəllimi uşağı döyməklə çıxıb. Müəllimin adı İdris Hüseynov, şagirdin adı isə Kənan Xankişizadədir”, – deyə məktəbin direktoru bildirib.

Tahirə Səfərova onu da əlavə edib ki, İdris Hüseynovla artıq söhbət aparılıb, izahat alınıb və çox güman ki, ərizəsi alınaraq, işdən azad olunacaq.

Tahirə Səfərova – Sumqayıt şəhəri 22 saylı orta məktəbin direktoru

Təhsil Nazirliyinin mətbuat xidmətinin katibi Cəsarət Valehov da məsələdən xəbərdar olduqlarını və bununla bağlı araşdırma apardıqlarını deyib. Onun sözlərinə görə, müəllim haqqında qərar yaxın vaxtlarda açıqlanacaq.

Cəsarət Valehov – Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri

Ötən gün Sumqayıt şəhəri 22 saylı orta məktəbdə İdris adlı tarix müəllimi dərsdə şagirdlərin gözü qarşısında şagirdin başına çox sayda zərbələr endirib.

Əsəbləri soyumayan müəllim həmin şagirdi sürüyərək sinfin küncünə apararaq döyməkdə davam edir. Sinifdə olan uşaqlar həmin müəllimə xəbərdarlıq edib ki, həmin şagirdin səhhətində problem var. Buna məhəl qoymayan müəllim uşağı döyməyə davam edib.

Müəllimin şagirdi döymə anı

Sumqayıt şəhəri 22 saylı orta məktəb – 1972-ci ildə fəaliyyətə başlayıb. Məktəb 2 növbəlidir. Məktəbdə 961 nəfər şagird təhsil alır. Onlardan 69-u məcburi köçkün, 26-sı şəhid ailəsindəndir. 22 saylı məktəbin müəllimlərinin ümumi sayı 137-dir. Məktəb layihə üzrə 1776 yerlikdir. …read more

From:: ANS