Bakıda papaqlı ağaclar (VİDEO)

Qış gəldi, havalar soyudu insanlar kimi bitkilər də soyuqdan qorunmalıdır.

ANS TV-nin məlumatına görə, soyuqdan qorunmalı olan bu bitkilər sırasına ölkəmizin havasına öyrəncəli olmayan ekzotik bitkilər və ağaclar daxildir. Nəzərə alsaq ki, paxtaxtda gözəl görüntü yaratmaq məqsədilə əkilib becərilən tropik ağaclar çoxluq təşkil edir, onda onların qorunması məsələsinin də nə dərəcədə əsas olduğunu başa düşmək çətin deyil. Ona görə də bu məqsədlə bir sıra tədbirlər həyata keçirilir. Misal üçün, şəhərdə gəzərkən başdan ayağa həsirə bürünmüş palmaları görsəniz, təəcüblənməyin. Çünki şaxtadan qorunmaq üçün paytaxtımızda elə qız kövrəkliyi olan palma növləri var ki, mütləq şəkildə onlar geyindirilməlidir.

Amma bu bütün palma növlərinə də aid deyil. Onların dırnaq arası desək əyninə geyindirilən bu geyimlər də, lap insanların maraq göstərdiyi xüsusi brend markalı geyimlər kimi, özəl olaraq xaricdən gətirilir.

Bulvar idarəsinin rəis müavini Nazim Məcidov sözlərin görə, mütləq şəkildə geyindirilməsi bütün palma növlərinə aid deyil: “Palmaların elə növləri var ki, soyuğa davamsızdır. Məhz həmin palmaların baş hissəsi xüsusi olaraq bizim həsirə bənzər, amma həsir olmayan xüsusi parça materiallar var ki, biz onları xüsusi ilə bağlamaq üçün xaricdən alıb gətirmişik, Azərbaycanda istehsal olunmur. Bunlar xüsusi bir temperatur yaradır ki, həm ağaclar isti olur, həm də ağac nəfəs ala bilir”.

Bulvar ərazisində gəzintiyə çıxsanız, onda kiçik və ya orta ölçülü sellofan və dəmir konstruksiyalardan ibarət olan evciklərə də rast gəlmiş olarsınız. Onlar əslində burada əkilmiş kaktuslar və tropik ağaclar üçün istixana rolunu oynayır. Əsil vətəni Arqentinada “Yekəqarın kişi” kimi tanınan yaşı 200 dən çox olan Baobab ağacları üçün mütəxəssislər tərəfindən xüsusi istixana evciklər belə hazırlanıb.

Mütəxəssislərin sözlərinə görə, mənfi 5 dərəcə şaxtanın düşməsi ehtimalı olan ağaclar bağlanılır. Bu ekzotik ağacların geyimdən azad olunması dövrü isə mart aylarına, yəni havaların qızınması vaxtına təsadüf edir.

…read more

From:: ANS